Server nədir?
Bu gün informasiya texnologiyalarının əsasını təşkil edən serverlər, istifadəçilərin həyatının mühüm hissəsinə çevrilib. İstifadə etdiyimiz rəqəmsal vasitələrin əksəriyyəti və demək olar ki, bütün onlayn xidmətlər serverlərin köməyi ilə bizə təklif olunur.
Bəs niyə serverlər həyatın bu qədər içindədir?
Server, şəbəkə üzərindən edilən sorğuları qəbul edən və onlara cavab verən proqram və ya aparat qurğusudur. Sorğu edən və serverdən cavab alan cihaz müştəri(client) adlanır. Server — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüterlərdir. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər.
Server əslində evdə istifadə olunan kompüter kimidir. Buraya prosessor (CPU), yaddaş (RAM) və sərt disk kimi komponentlər daxildir. Ancaq əlbəttə ki, serverlər evdəki kompüterlərdən qat-qat güclüdür.
Server və PC arasındakı fərq nədir?
1. Fərdi kompüterlər, yəni PC-lər şəxsi istifadə üçün nəzərdə tutulub. Digər tərəfdən bir server məlumatları təqdim etmək üçün hazırlanmış bir sistemdir. Bu baxımdan birinci və ən mühüm fərqin istifadə məqsədi olduğunu söyləmək olar.
2. İkinci fərq hardware nöqtəsindədir. Fərdi kompüter, yəni PC fərdi əməliyyatların həyata keçirilməsi üçün hazırlandığından qabaqcıl avadanlıqlara malik deyildir. Bu kompüterlər istifadəçilərin gündəlik işlərini yerinə yetirmək üçün fasilələrlə istifadə edilməsi fikri əsasında hazırlanmışdır. Serverlər isə fasiləsiz istifadə üçün güclü avadanlıqla hazırlanır. Çünki onlar bir internet saytını təşkil edən kodları saniyələr ərzində emal edib, həmin an sayta daxil olan insanlara anında göndərməlidirlər.
Server harada yerləşdirilir?
Serverlərin yerləşdiyi yer data center adlanır. Data Center Azərbaycan dilinə məlumat mərkəzi kimi tərcümə edilə bilər. Bu mərkəzlərdə yüksək sürətli internet bağlantısı, güclü soyutma sistemləri, fasiləsiz enerji təchizatı və yüksək səviyyəli təhlükəsizlik tədbirləri var. Mərkəzdəki serverlərin sayı mərkəzin ölçüsünə görə dəyişir. Server xidmətləri göstərən kiçik şirkətlərin serverlərinin sayı az olsa da, beynəlxalq səviyyədə xidmət göstərən şirkətlərin müxtəlif ölkələrdə bir çox mərkəzləri ola bilər.
Mənbə⬇️






