İnformasiya texnologiyaları (İT) nədir?
İT ifadəsini eşidəndə yəqin ki, ağlınıza şirkətdə işləyən və kompüter problemlərini həll edən texniklər gəlir. İnformasiya texnologiyaları bundan daha da artıqdır. Bəs informasiya texnologiyaları tam olaraq nədir?
İnformasiya texnologiyaları və ya İT məlumatları saxlamaq, qəbul etmək, ötürmək və ya göndərmək üçün kompüterlərin və telekommunikasiya vasitələrinin istifadəsidir. Yəni biz məlumatlarla işlədikdə kompüterlərlə onların üzərində proseslər icra edirik.Beləliklə, İT mütəxəssisi kompüter əsaslı sistemlər və kompüter avadanlıqları kimi sistemlərin öyrənilməsi, inkişafı tətbiqi ilə məşğul olur.
İT niyə vacibdir? Həyatımızda nə rol oynayır?
İT biznes sahəsindən səhiyyəyə qədər bir çox sektorda vacibliyini göstərmişdir. Məsələn, depoda olan mallar və xüsusiyyətləri kateqoriyalaşdırılaraq şirkətin veb səhifəsinə yerləşdirilir və alıcı satıcı ilə birbaşa əlaqə yaratmadan bank kartının məlumatlarını və ünvanı daxil edərək malı alıb evinə qədər gətirir. Simulasiyalar vasitəsilə maşınların aerodinamikasının yoxlanması, şifrələmə alqoritmləri ilə göndərdiyimiz və aldığımız mesajların, parolların, şəxsi məlumatların qorunması, maşın öyrənməsindən istifadə edərək proqnozlaşdırma və s. də İT-nin bizə qazandırdığı imkanlardandır. Və bu sadəcə aysberqin görünən tərəfidir. Əlimizdə olan bu gücdən sadəcə boş vaxt keçirmək üçün deyil, araşdırmaq, öyrənmək və öyrətmək üçün istifadə etdiyimiz təqdirdə daha gözəl və xoş bir gələcəyə addım atmış olarıq.
İT sahəsinin iş imkanları
Bu gün demək olar ki, hər bir iş yerinin İT mütəxəssisinə ehtiyacı var. İnkişafda olan bu sahə üzrə ixtisaslaşmış tələbələr bir çox yüksək səviyyəli şirkətlərdə müxtəlif vəzifələrdə çalışmaq imkanına sahib olurlar. Belə ki, siz öz bacarıqlarınızı bloqunuzda paylaşaraq freelance işləri də qəbul edib öz evinizdən çalışa bilərsiniz.
Gəlirik hamını maraqlandıran suallardan birinə: ”Nə qədər qazanc əldə edəcəyəm?”.
Bu sizin işlədiyiniz sahədən və təcrübənizdən asılıdır. Ölkəmizdə bu sahədə çalışanların minimum əmək haqqı təxminən 500 AZN, maksimum isə 4000 AZN və daha yüksək olur. Qeyd etdiyim kimi, siz özünüzü nə qədər çox inkişaf etdirsəniz, bir o qədər daha yüksək maaş almaq imkanınız olacaq. Avropa ölkələrində və Amerikada isə əlbəttə bu məbləğ daha yüksəkdir. Bu sahənin mütəxəssisləri xarici şirkətlərdə daha perspektivli iş tapdığından ölkəmizdə İT mütəxəssisi sahəsində çatışmazlıqlar var. Bu səbəbdən abituriyentlərin əksəriyyəti bu sahəyə yönəlir və doğru seçim edirlər. Belə bir fikir yarana bilər ki, 5-10 il sonra bu sahədə iş tapmaq çətin olacaq. Amma bu heç də belə deyil. Bu sahəyə tələbat həmişə olacaq. Çünki günümüzdəki hər şey texnologiyadır. Bu bir reallıqdır ki, İT həyatımızın ayrılmaz parçası olacaq. Buna görə də, biz mütəxəssis olmasaq da, işlətdiyimiz əşyaların necə işlədiyindən xəbərdar olmalıyıq.
Müəlliflər: AzMİU Süni İntellekt klub üzvləri: Turgay Tahirov, Səid Süleymanzadə, Məhəmməd Abbaslı







