Virtuallaşdırma texnologiyası Nədir?



Virtuallaşdırma, fiziki kompüter resurslarının bir və ya bir neçə loqik bölmələrə bölünməsi prosesidir. Bu texnologiya, resursları daha effektiv istifadə etməyə, idarə etməyi asanlaşdırmağa və miqyası genişləndirməyə imkan verir.


Virtuallaşdırmanın Əsas Növləri
1. Server Virtuallaşdırması: Bir fiziki serverin bir neçə loqik serverə bölünməsini təmin edir. Hər bir loqik server, müstəqil bir əməliyyat sistemi və tətbiqlərlə işləyir. Bu, resursların daha səmərəli istifadəsini təmin edir və müxtəlif əməliyyat sistemlərini eyni fiziki serverdə işlətdirməyə imkan verir. Server virtuallaşdırmasının ən çox istifadə olunan platformalarına VMware, Hyper-V daxildir.
2. Şəbəkə Virtuallaşdırması: Şəbəkə resurslarının birləşdirilməsi və loqik bölmələrə ayrılması prosesidir. Bu, şəbəkənin idarə olunmasını asanlaşdırır və şəbəkə infrastrukturlarının optimallaşdırılmasına kömək edir. SDN, NFV, VPN, OVS şəbəkə virtuallaşdırmasında ən aktualdır.
3. Yaddaş(Storage) Virtuallaşdırması: Fiziki Yaddaş cihazlarının loqik bölmələrə bölünməsini təmin edir. Bu, yaddaş resurslarının daha səmərəli istifadə olunmasına və məlumatların daha təhlükəsiz və əlçatan olmasına imkan verir. Saxlama virtuallaşdırması üçün istifadə olunan texnologiyalar arasında SAN və NAS əsas yerləri tutur.

Virtuallaşdırmanın Əsas Faydaları
1. Effektiv Resurs İstifadəsi: Virtuallaşdırma, fiziki resursların daha səmərəli istifadə olunmasına kömək edir. Bu, resursların boş yerə sərf olunmasının qarşısını alır və performansı artırır.
2. Azaldılmış Xərclər: Fiziki avadanlıqlara olan tələbi azaldaraq şirkətlərin xərclərini azaldır. Az sayda fiziki serverlərlə daha çox iş yükünü idarə etmək mümkündür.
3. Yüksək Elastiklik və Ölçülənmə: Virtuallaşdırma texnologiyaları, IT infrastrukturunun elastikliyini artırır. Yeni loqik serverlər və resurslar sürətlə yaradılıb miqyası genişləndirilə bilər.

Test mühəndisləri və proqramçılar üçün virtuallaşdırmanın əsas üstünlükləri:
1. Asan və Sürətli Quraşdırma: Test mühitlərinin sürətli və asan qurulması və konfiqurasiyası mümkün olur. Yeni test mühitləri yaratmaq üçün fiziki avadanlıqlara ehtiyac olmadan bir neçə dəqiqə ərzində yeni loqik serverlər qurmaq mümkündür.
2. Snapshot və Rollback İmkanları: Virtuallaşdırma platformaları, snapshotlar almağa və lazım gəldikdə əvvəlki vəziyyətə qayıtmağa imkan verir. Bu, testlərin istənilən mərhələsində problemlərin tez bir zamanda həll olunmasına kömək edir.

Nəticə:
Virtuallaşdırma sayəsində resurslar daha effektiv istifadə olunur, xərclər azalır və idarəetmə prosesləri sadələşdirilir. Server, şəbəkə və saxlama virtuallaşdırması, müxtəlif növ iş yükünün idarə olunmasını asanlaşdırır və IT mühitinin elastikliyini artırır. Bu səbəbdən, müəssisələr və təşkilatlar virtuallaşdırma texnologiyalarına böyük önəm verirlər. Virtuallaşdırma, həmçinin test mühitlərində də geniş istifadə olunur, testlərin effektivliyini və sürətini artırır, resursların daha səmərəli istifadə olunmasına imkan verir.

Popüler Yayınlar