Kompüterin Yavaş İşləməsinin Səbəbləri və Sürətini Artırma Yolları
Kompüterin yavaş işləməsi istifadəçilər üçün çox yayılmış global bir problemdir. Bu, kompüterin performansının yetərsiz olmasına və ya resursların düzgün idarə edilməməsinə işarə edir. Yavaş işləmə kompüterin sürətini xeyli azaldır və iş prosesində narahatlıq yaradır. Gəlin, bu problemin əsas səbəblərinə və həll yollarına nəzər salaq.
1. Yavaş İşləmənin Səbəbləri
1.1. CPU və RAM Resurslarının Yüklənməsi:
Kompüterin yavaş işləməsi çox vaxt CPU və RAM-ın həddən artıq yüklənməsi ilə əlaqədardır. Bir neçə ağır proqram eyni anda işləyirsə və ya çoxlu sayda açıq sekmə və pəncərələr varsa, sistem yavaşlayır və hərəkətlərdə gecikmələr baş verir.
1.2. Sabit Diskin Performansı:
Əgər kompüterinizdə hələ də köhnə HDD (sabit disk sürücüsü) varsa, bu, sürətin azalmasına səbəb ola bilər. HDD-lər SSD-lərdən daha yavaş məlumat ötürmə sürətinə malikdir və bu da proqramların daha ləng işləməsinə gətirib çıxarır.
1.3. Viruslar və Zərərli Proqramlar:
Sisteminizdəki viruslar və zərərli proqramlar kompüter resurslarını səmərəsiz istifadə edərək onun sürətini əhəmiyyətli dərəcədə azalda bilər. Bu proqramlar, xüsusilə fon proseslərində, istifadəçiyə hiss olunmadan CPU və RAM-ı yükləyir.
1.4. Qrafik Kartının Yüklənməsi:
Ağır qrafik prosesləri (məsələn, oyunlar və ya dizayn proqramları) zamanı kompüter yavaş işləyə bilər. Xüsusən də, qrafik kartınızın yaddaşı və gücü kifayət deyilsə, belə problemlər daha çox nəzərə çarpır.
1.5. Arxa Fon Prosesləri və Start-up Proqramlar:
Çoxlu sayda proqramın avtomatik olaraq fon proseslərində işləməsi və kompüter açıldıqda işə başlaması da yavaş işləməyə səbəb olur. Bu, sistemin yavaş açılmasına və proqramlar arasında keçidlərin ləng olmasına gətirib çıxarır.
1.6. Diskdə Boş Yer Azlığı:
Əgər diskinizdə kifayət qədər boş yer yoxdursa, kompüteriniz müvəqqəti faylları yaratmaq və məlumat mübadiləsi aparmaq üçün yer tapmaqda çətinlik çəkir. Bu da kompüterin yavaş işləməsinə və cavab verməsində gecikmələrə səbəb olur.
2. Həll Yolları
2.1. Proqramların və Proseslərin İdarə Edilməsi:
Task Manager vasitəsilə hansı proqramların və proseslərin kompüteri ən çox yüklədiyini izləyin. Çox RAM və CPU istifadə edən proqramları bağlayın və ehtiyacınız olmayan proqramların fon proseslərində işləməsinə icazə verməyin.
2.2. Lazımsız Proqramların Silinməsi:
Kompüterinizdəki lazımsız proqramları silmək sistemin performansını artırır. Bunun üçün Control Paneldəki Program Uninstaller bölməsinə daxil olun. Buradan istifadə etmədiyiniz proqramları seçərək silə bilərsiniz. Bu, disk sahəsini boşaldır və sistemin daha sürətli işləməsinə imkan tanıyır.
2.3. Temp Faylların Silinməsi
Kompüterinizdəki müvəqqəti (temp) faylları silmək sistemin performansını artırır. Windows-da temp və %temp% fayllarını silmək üçün Win + R düymələrini basın, açılan pəncərəyə temp yazın və Enter düyməsini basın. Açılan pəncərədəki bütün faylları seçib silin. Eyni addımları %temp% üçün də təkrarlayın.
2.3.1 Disk Təmizlənməsi:
Disk Cleanup vasitəsi ilə sistem yeniləmələri (Windows Update) və sürücü paketlərinin quraşdırılması zamanı yaranan qalıq faylları da silmək mümkündür. Disk Cleanup-da aşağıdakıları silmək faydalıdır:
Windows Update Qalıqları: Keçmiş yeniləmələrdən qalan faylları silin.
Sürücü Yeniləmələri: Sürücü yeniləmələrindən sonra yaranan lazımsız faylları silin.
Recycle Bin (Təkrar Qutu): Silinmiş faylların saxlandığı yerdir. Buradakı faylları silmək boş disk sahəsi yaradacaq.
Temporary Internet Files: Brauzer istifadəsi zamanı yaranan müvəqqəti internet faylları.
System created Windows Error Reporting: Xətalar zamanı yaradılan hesabat faylları.
2.4. Disklərin Defragmentasiyası:
HDD istifadə edirsinizsə, diskinizin defragmentasiyası performansı artırmağa kömək edə bilər. Defragmentasiya, diskdəki faylların daha səmərəli və ardıcıl bir şəkildə təşkil olunmasına imkan tanıyır. Bu, məlumatların daha sürətli oxunmasını təmin edir. Windows-da defragmentasiya etmək üçün Defragment and Optimize Drives alətini istifadə edin.
2.5. SSD-ə Keçid:
Əgər hələ də HDD istifadə edirsinizsə, sistemin performansını artırmaq üçün SSD (Solid State Drive) quraşdırmaq effektiv bir həlldir. SSD-lər, məlumatları HDD-lərdən xeyli sürətli oxuyur və yazır, bu da kompüterin sürətini və proqramların açılma vaxtını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
2.6. Virus Skaneri və Təhlükəsizlik Yoxlamaları:
Kompüterinizi müntəzəm olaraq virus və zərərli proqramlar üçün skan edin. Etibarlı antivirus proqramı istifadə edərək zərərli proqramları tapıb silmək kompüterin yavaş işləməsinin qarşısını ala bilər.
2.6.1. Pulsuz Antivirus Proqramlarının İstifadəsindən Çəkinin:
Eyni zamanda, pulsuz antivirus proqramlarından qaçınmaq tövsiyə olunur, çünki bunlar sistemin resurslarını həddindən artıq yükləyə bilər. Windows Defender öz işini lazımi şəkildə görür və kifayət qədər təhlükəsizlik təmin edir.
2.7. RAM Artırılması:
Əgər kompüterinizdə az RAM varsa, bu, proqramların düzgün işləməməsinə və sistemin ləngiməsinə səbəb ola bilər. RAM-ın artırılması kompüterin bir neçə proses və proqram arasında daha rahat keçid etməsinə imkan yaradar.
2.8. Sistem və Sürücülərin Yenilənməsi:
Əməliyyat sistemini və qrafik kartı, ana plata kimi aparat sürücülərini mütəmadi olaraq yeniləyin. Yenilənmələr çox vaxt performans təkmilləşdirmələri və sistemin daha sabit işləməsi üçün optimallaşdırmalar gətirir.
2.9. Start-up Proqramlarının Azaldılması:
Kompüter açıldıqda avtomatik olaraq işə düşən proqramları deaktiv edin. Task Manager daxilində Start-up sekmesinden hansı proqramların açılışda işə başladığını idarə edə bilərsiniz. Yalnız vacib proqramların bu siyahıda qalmasına icazə verin.
2.10. Kompüterin Soyudulması:
Əgər kompüteriniz tez-tez isinir və bu səbəbdən yavaşlayırsa, əlavə soyutma sistemi qurmaq və ya fanları təmizləmək faydalı ola bilər. Sistem temperaturunu izləyən proqramlar vasitəsilə istilik səviyyəsini yoxlayın.
Nəticə
Kompüterin yavaş işləməsi, bir çox texniki və proqram təminatı səbəblərindən qaynaqlana bilər. Bu problemi həll etmək üçün CPU, RAM, disk və qrafik kartı kimi əsas resursların idarə edilməsini yoxlamaq və optimallaşdırmaq vacibdir. Virusları təmizləmək, lazımsız proqramları silmək, disk və temp fayllarını mütəmadi olaraq təmizləmək, sistemin sürətini artırmağa kömək edəcək.







